S.C.Pişəvəri erməni və kürdləri dəstəkləyirdi?

 

“Məqsədimiz ədəbi müsabiqə deyil, xalqı başa salmaq, onlara həqiqəti aşkar bir şəkildə göstərməkdir”

-  S.C.Pişəvəri – “Həqiqət” qəzeti.

 

Azərbaycan iki imperiya arasında.

Tarixdən bəllidir ki, Azərbaycan məsələsi İran üçün həmişə önəmli olub. Bu torpaqlara yiyələnmək uğrunda 1804-cü ildə başlayan Birinci Rus-Qacar müharibəsi, 1813-cü ildə Gülüstan müqaviləsi ilə başa çatdı və nəticədə Azərbaycan iki imperiya arasında bölüşdürüldü.

Lakin Qacarlar dövləti Rusiyanın Cənubi Qafqazı işğal etməsi ilə razılaşmadı. Çarlığın güclənməsi də İngiltərə hökumətini narahat edirdi. Qacarların Şimali Azərbaycanı ələ keçirmə istəyi, Rusiyanın gücünü sarsıdacaqdı bu da İngiltərənin siyasəti ilə uyğunlaşırdı. Beləliklə 1814-cü ildə bu iki dövlət arasında Tehran müqaviləsi imzalandı. Müqaviləyə əsasən, İngiltərə Qacarlara hərbi və maliyyə yardımı göstərəcək, Gülüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasına kömək edəcək və İran da bunların müqabilində İngiltərəyə Hindistan sərhədlərinin təhlükəsizliyini təmin edəcəyini vəd edirdi.

İngiltərə ilə Qacarlar arasında münasibətləri kəskinləşdirmək istəməyən çar hökuməti, sərhədlərin müəyyənləşdirilməsində güzəşt etməyi qəbul etdi. 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə Qacar sarayına nümayəndə heyəti göndərildi. Lakin heyət Şahzadə Abbas Mirzə və saray əyyanları tərəfindən soyuq qarşılandı.

Rusiya ilə baş verəcək müharibədə Qacarlar Osmanlının da dəstəyini aldı və 1823-cü ildə Osmanlı İmperiyası ilə müqavilə imzaladı.

Qacarları müharibə fikrindən daşındırmaq üçün saraya gələn növbəti rus nümayəndə heyyəti, Qarabağ və Lənkəran xanlığının bir hissəsini güzəştə getmək istədi. Lakin bu cəhd də Rusiya üçün uğursuz oldu.

1825-ci ildə Rusiyada baş verən dekabristlər üsyanı Qacarların yeni müharibyə başlamasını sürətləndirdi. Nəticədə 1826-cı ildə İkinci Rus-Qacar müharibəsi başladı. Şahzadə Abbas Mirzənin ordusu birinci döyüşlərdə uğurlu olsa da müharibənin nəticəsi əvvəlkindən daha ağır oldu.

1826-1828-ci illəri əhatə edən İkinci Rus-Qacar müharibəsindən məğlub çıxan Qacarlar dövləti, Rusiya ilə Türkmənçay müqaviləsi imzaladı. Həmin sənəddə Gülüstan müqaviləsinin təsdiq olunması ilə yanaşı, İrəvan və Naxçıvan xanlıqlarının da Rusiya imperiyasına birləşdirilməsi təsdiqləndi. 16 maddədən ibarət müqavilədə Qacarlar, Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyır və Xəzər dənizində donanma saxlama hüququ yenə də Rusiyaya məxsus olurdu. Cənubi Azərbaycan İranın tərkibində qalsa da, Qacarlar, Rusiyaya hərbi təzminat üçün 20 milyon rubl ödədi.

20-ci əsrdə İran ərazisində baş verən inqilabların beşiyi də məhz Cənubi Azərbaycan, xüsusən, Təbriz şəhəri idi. 1908-1911 ci illərdə Məşrutə hərəkatı, 1920-ci ildə Xiyabani hərəkatı, 1945-1946 – ci illərdə 21 azər hərəkatı bunun göstəricisidir.

Azərbaycan Milli hökuməti və ya 21 Azər hərəkatı 1945-ci il dekabrın 12-dən, 1946-cı ilin dekabrınadək İran Azərbaycanında fəaliyyət göstərən muxtar sosialist hökumət olub. Paytaxtı Təbriz şəhəri olan hökumətə Seyid Cəfər Pişəvəri rəhbərlik edib.

Xalxal mahalında böyüyən Pişəvərinin inqilabçı kimi yetişməyində atası Mircavadın böyük təsiri olub. Belə ki, İran Azərbaycanında baş verən Məşrutə inqilabının mücahidlərini bir neçə dəfə öz evində qonaq edən Mircavad, eyni zamanda hərəkatın iştirakçılarından biri idi. Bu haqda S.C.Pişəvərinin bacısı Suğra xanım, xatirələrində belə qeyd edib:

“...Əslində atamın Seyid Cəfərə təsiri çox olmuşdur. Atam Səttarxan mücahidlərindən idi. Hələ o vaxt atamla dostları arasında fədailər, inqilabçılar barədə söhbət olurdu. 12- 13 yaşlı Seyid Cəfərdə həmişə onlara qulaq yoldaşı olardı. Söhbətə qarışıb bir söz soruşanda ona gülüb deyərdi: “Sən belə şeyləri bilmək üçün çox kiçiksən”.

 

1917-ci ildən sonra və “Həqiqət” qəzeti.

Pişəvərinin 1917-ci il, Rusiya inqilabında iştirakı ilə bağlı məlumatlar “Açıq söz” qəzetində verilib. Bu məlumatlar “Mir Cəfər Cavadzadə” imzası ilə dərc olunub. Pişəvəri, Rusiya  inqilabında, İran Sosyal Demokrat Firqəsinin Qafqazdakı təşkilat iclaslarında iştirakı və ümumiyyətlə 1917-ci il fəaliyyəti ilə bağlı yazır:

“Mən Rusiyada yaşayan millətlərin azadlıq mübarizəsində yaxından iştirak edən İran gənclərindən idim. Məni bu böyük şərəfli işə cəlb edən amil azadlıq mübarizəsindən başqa, bir də mənsub olduğum millət haqqındakı düşüncələrim olub. Mən bilirdim ki, vətənin və millətin nicatı və səadəti Rusiya inqilablarının istəkləri qurluşun əldə edilməsinə bağlıdır. Mən bilirdim ki, əgər Rusiyada şanlı Lenin bayrağından başqa bir bayraq yüksələrsə İran xalqlarının istiqlaliyyəti və azadlığı həmişə təhlükə altında olacaqdır”.

S.C.Pişəvəri 1918-ci ildə “Azərbyacan-Coze-Layənfəkke-İran” qəzetində fəaliyyətə başlayır. Qəzet, İran Demokrat Partiyası Bakı təşkilatının orqanı idi. Yazılarında İran demokratlarının siyasi mövqeyindən bəhs edən Pişəvəri, daha sonra İran Ədalət Firqəsinin Bakı təşkilatında fəaliyyət göstərir. Həmin dövrdə Bakıda açılan “İttihad” məktəbində müəllimlik edir. Qeyd etmək lazımdır ki, 1920-ci ilə qədər fəaliyyət göstərən məktəb, Türk-İslam yönümlü təhsil verirdi və xüsusən Azərbaycan türkləri üçün nəzərdə tutulmuşdu.

Pişəvəri, İran Ədalət Firqəsinə daxil olduqdan sonra, təşkilatın mətbuat orqanı olan “Hürriyyət” qəzetinin məsul redaktoru təyin edilir. Həmin vəzifədəki fəaliyyəti, Azərbaycanda sovet hakimiyyəti qurulanadək davam edir.

“... “Hürriyyət” nəşrə başlayanda vəziyyət elə müdhiş (dəhşətli), elə vəxim (pis) idi ki, İngiltərə komandanlığının təqibi qorxusundan idarəmizin ünvanını belə aşkar surətdə yaza bilmirdik. Lakin biz də tuduğumuz yolda mətanət göstərirdik. Lazım gəldikdə müanidlərimizə (inad edənlər) cavab verirdik”.

S.C.Pişəvəri publisistikasının növbəti mərhələsi “Həqiqət” qəzetində yazılan siyasi məzmunlu məqalələrdən ibarətdir. 1921-ci ildə İran Kommunist Firqəsinin Mərkəzi Komitəsində fəalliyyət göstərən və burada rəyasət heyyətinin üzvü olan Pişəvəri, “Həqiqət” qəzetini nəşr edir.

“Cəngəl nehzəti sona çatar-çatmaz biz Tehranda fəal siyasi təşkilatlardan əlavə, yeddi min nəfərdən artıq üzvü olan həmkarlar ittifaqinin mərkəzi şurası “Həqiqət” qəzetindən ibarət öz orqanını yarada bilmişdi. O günkü yoldaşlar tərəfindən yazılmış bir neçə məqalə istisna edilmək şərti ilə qeyd olunan qəzetin bütün baş məqalələri mənim qələmimlə yazılmışdır... Biz “Həqiqət” qəzetini nəşr etdiyimiz zaman məqalə yazan, elmi mövzular haqqında rəy söyləyən adamlar olduqca az idi. Sıralarımızda elmilər doktoru, ali təhsili olan adamlar,diplom sahibləri yox idi.

Qəzetdəki məqalələrinin birində 1917-1918-ci illərdə ermənilərlə Qafqaz türkləri arasında baş verən müharibələrin səbəbkarını türk və erməni ekstremistləri hesab edirdi.

Pişəvəri 1918-ci ildə Osmanlı qüvvələrinin Badkobeyə(Bakıya) daxil olması barədə “Həqiqət” qəzetində yazırdı:

“Hər halda, şəhər bir neçə aylıq mühasirədən sonra süqut etdi. Hökumət türklərin (Osmanlıların) əlinə keçdi. Daşnaklar tərəfindən öldürülmüş yerli türklərin qisasını almaq bəhanəsi ilə Nuru paşanın əsgərləri şəhəri talan edərək erməniləri qırğına məruz qoyublar. 1918-ci il martın 18-də daşnakların vəhşiliyinin şahidi oldum, həmin gün “saysız-hesabsız” günahsız insanların, xüsusən də neytral iranlıların karvansaralarda yandırılaraq öldürüldüyünü öz gözlərimlə gördüm... bu mənasız adamlar heç bir səbəb olmadan bu qırğını törədiblər, amma türklər də onlardan geri qalmırdı. Üç gün şəhəri əsgərlərə vermişdilər ki, nə istəyirlərsə etsinlər”.

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından iki il sonra Pişəvəri “Hürriyyət” qəzetində “Kimdir günahkar?” başlıqlı məqaləsində bildirirdi:

“Erməni-müsəlman məsələsinin yaradıcısı var. Əgər bu yaradıcılar aradan qaldırılarsa, erməni-müsəlman məsələsinin də aradan qalxacağına əmin olmaq olar. Həmin yaradıcı qüvvələr daşnak və “Müsavat” partiyalarıdır. Müharibə odunu alovlandıran da onlardır”.

Pişəvəri hətta ADF-nin dövründə ermənilərə dəstək verib, erməniləri və asuriləri Azərbaycan Demokratik Firqəsinin müttəfiqlərindən birinə çevirib.

O, “Həqiqət” qəzetində “ərazi bütövlüyü”, “bir ölkə”, “milli dövlət”, “bir bayraq altında birləşmə”, “vətənpərvərlik” mövzuları ilə bağlı yazılar yazırdı. O eyni zamanda xarici hökumətlərlə əməkdaşlığın iyrənc olduğunu, milli prinsiplərə əsaslanmağın vacibliyini vurğulayırdı. “Niyə Seyid Ziyanı İranının satqını hesab edirəm” məqaləsində yazırdı:

 “İran tam mənada müstəqil milli hökumətə sahib olmalı, tayfa və tayfaçılığı aradan qaldırmalıdır. Ölkənin bütün xalqını, bir bayraq altında birləşdirməlidir. Kim buna zidd hərəkət edirsə, o satqındır. Vətənpərvər insanlar ölkələrini heç vaxt zəiflətməyə cəhd göztərməz və heç vaxt ölkələrinin qanunlarına zidd hərəkət etməyə, soydaşlarına, vətənlərinə zərər vurmağa razı olmazlar... Onlar ən təhlükəli zamanlarda, mərkəzi hökumətə qarşı çıxmaz, haqlarını oğurluq, talan, üsyan yolu ilə iddia etməzlər...”.

Bu yazı muxtariyyətin elan olunmasından bir il əvvəl, yəni, 1944-cü il, dekabrın 21-də dərc edilib. Məqalədə Pişəvəri, Seyid Ziya tərəfindən gündəmə gətiriliən tayfaçılıq məsələsini, milli birlik üçün təhlükə olduğunu qeyd edirdi:

“Seyid Ziya qaranlıq şüarlar gündəmə gətirdi, lakin bunların İrana heç bir faydası yoxdur. Bu şüardan yalnız tayfalar istifadə edəcək və nəticədə mərkəzilik bütünlüklə sarsılacaq...

İran xalqnın tək böyük birliyi olmalıdır. Bu da mərkəzi İran birliyinin millətidir. İran xalqının bütün gücü və imkanları, üç əsas qolda, icra, qanunvericilik və məhkəmə sahələrində cəmlənməlidir... Biz bilirik ki, xalqımız vətənpərvərdir, İrana pərəsdiş edir və onu göz bəbəyindən çox sevirlər. Ona görə də diqqətli olmalıdırlar...”.

Qeyd etmək lazımdır ki, Seyid Ziya Təbətəbai, dövlət idarəçiliyində tayfaçılıq siyasətinin tətbiq olunmasının tərəfdarı idi. Seyid Ziya, İranda yaşan tayfaları nəzərə alaraq, onlara müəyyən hüquq və imtiyazlar verməklə müstəqilliklərini qorumağa çalışırdı. Lakin Pişəvəri və yolaşları bu siyasəti uğurlu hesab etmir, mərkəzi hakimiyyəti zəiflədəcəyini düşünürdü. Pişəvəri eyni zamanda Seyid Ziyanın əcnəbilərlə əməkdaşlığını qınayır və ölkəni federalizmə sürkülədyini bildirirdi.

“Həqiqət” qəzetində dərc olunan “Mərkəzi hökumət və yerli hakimiyyət orqanları” sərlövhəli məqalələrinin birində Pişəvəri İranda kürd tayfaları və müxtəlif insanların milli hissləri məsələsindən bəhs edib:

“...Başlanğıcda necə olduğu ilə heç bir əlaqəmiz yoxdur... Mərkəzi hökumət bu günə qədər vilayətlərə diqqət göstərməyib. Lakin vilayətlərin bu vaxta qədər bölünməyibsə bunun səbəbi irançılıq hissidir... Bu gün bütün İran əhalisinin hissləri və adətləri hamının iranlı olduğunu sübut edir.... İran xalqının hamısının hissləri eynidir və yalnız hər bir vilayətin yerli şəraiti fərqlidir. İrançılıq bütün siyasi fikir ayrılıqlarından üstündür. Azərbaycanlı özünü, şirzlıdan daha yaxşı irançı hesab edir... İrana indi federasiya lazım deyil. Bu gün biz yerli hakimiyyəti genişləndirməklə hökuməti “mərkəzləşdirməyə” çalışmalıyıq, əks halda xalqın narazılığı günü-gündən artacaq və ayrılıq ideyası yaranacaq”.

Məqalənin sonunda Seyid Cəfəri Pişəvəri Osmanlı hökumətinin ittihad və tərəqqi dövründəki - Ənvər Paşanın rəhbərlik etdiyi ilk pantürkist partiya - siyasətini tənqid edir, ərəb, erməni və kürd azlıqları haqda yazırdı:

“Biz İranda belə milli əsarətə inanmırıq, amma bəzi düşüncəsiz yazarlar Azərbaycanı türk adlandırıblar və ya filan tayfanı iranlı saymayıblar, bununla bağlı ayrıca siyasət aparırlar və bu hökumətin siyasətindən daha təhlükəlidir. Əgər yazıçılar bu fikirləri təlqin etsələr və hakimiyyət əvvəlki siyasətə əməl etsə, şübhəsiz ki, əyalət camaatı arasından zorla yeni millətlər yaranacaq, yad əllər də onları təsdiq edəcək və birdən ölkəni xaosun bürüdüyünü görəcəyik...”.

Azərbaycan xalqının türk adlandırılmasına Pişəvəri açıq şəkildə qarşı çıxırdı, onun “Gənc Türklər”i sərt şəkildə tənqidi, açıq-aşkar göstərirdi ki, o, pantürkizm axtarışında deyildi, Pişəvəri, xalqı bir bayraq altında birləşdirmək, vahid dövlət yaratmaq istəyirdi.

Pişəvərinin “vahid dövlət” ideyası gerçəkləşsə də bu uzun müddətli olmadı. 1945-ci il sentyabrın 3-də Azərbaycan Demokratik Firqəsi(ADF) yarandı. Həmin ilin 12 dekabrında isə 21 Azər hərəkatı qələbə ilə nəticələndi. Bununla da İranın daxilində Azərbaycanın milli muxtariyyəti bərpa edildi. Lakin, 1946-cı ildə İran ordusu Cənubi Azərbaycanda hərbi əməliyyatlar apardı, fədai dəstələri məhv edildi. Dekabr ayında İran ordusu Təbrizə daxil oldu, ADF və hökumət rəhbərləri güllələndi, beləliklə Milli hökumət süqut etdi. Pişəvəri Sovet rəhbərliyinin göstəri ilə Sovet İttifaqına aparıldı, minlərlə vətənpərvər Azərbaycan SSR-ə mühacirət etdi.

1947-ci il, iyul ayının 11-də Pişəvəri, Gəncədən qayıdarkən müəmmalı şəkildə avtomobil qəzasında həlak oldu.

 Ağa Rza





Yorumlar