İlk addımlar - 20-ci illər.
“1917-ci ilin oktyabrında Petroqrad sakit görünürdü. Lakin zahiri
sakitlik pərdəsi arxasında şəhər son şənliyində idi”
Tarixlər 25 oktyabrı göstərdikdə bolşeviklərin rəhbərliyi ilə
ayaqlanan rus proletariyası qalib gəldi. Ölkədə sosial düşüncəyə əsaslanan yeni
sistem quruldu. Həmin sistem nəticəsində ölkədə siyasi və iqtisadi baxımdan
köklü dəyişikliklər baş verdi. Bu dəyişikliklərin əsas məqsədi rus xalqını,
xüsusən də kəndli sinifini rifah içində yaşatmaqdan ibarət idi. Lenin isə hakimiyyətinin
ikinci günü radikal və repressiv siyasətinin nəticəsi olaraq müxalif mətbatını
yasaqladı. Noyabrın 4-də isə “Çeka” adlı əks-inqilab qurumu təsis edildi.
Qeyd etmək lazımdır ki, kəndlilərin də inqilabda öz maraqları vardı. Belə ki, Lenin,
rus kəndlisinə torpaq vəd edirdi. Lakin, bolşeviklər hakmiyyəti ələ aldıqdan
sonra, kəndlilər sıxışdırılır, onlara paylanan torpaqlar üzərinə ağır vergilər
qoyulurdu.
Artıq 20-ci illərin sonu 30-cu illərin əvvələrində sovet hökuməti repressiv siyasətin yeni mərhələsinə qədəm qoydu. Qolçomaqların (ortabab kəndlilər) ləğvi və “kollektivləşmə” siyasəti kəndlilərin kütləvi çıxışları ilə nəticələndi.
Lakin bu çıxılar silah gücü hesabına yatırıldı. Bu dövrlərdə Azərbaycan xalqının vəziyyəti daha da gərginləşmişdi.
Respressiyanın başlanması – 16-lar məhkəməsi
“XX əsrin
30-cu illərinin əvvəllərinə qədər artıq SSRİ-də həm Stalinin bolşevik partiyası
daxilindəkı əsas opponentləri, həm də bütövlükdə Sovet hökumətinə qarşı
potensial müxalifət siyasi cəhətdən zərərsizləşdirilmişdi. Lakin proses nəinki
bununla dayanmayacaq, hətta daha da şiddətlənəcək, şaxələnəcək və potensial
opponentlərin kütləvi fiziki məhvini də ehtiva edəcəkdi. Bu siyasət ilk növbədə
Stalinin tam mütləq hakimiyyət qurmaq niyyətinin doğurduğu “zərurət” idi. O,
partiyanın XVII qurultayını (yanvar-fevral 1934-cü il) ilk müxalifətsiz və
fraksiyasız qurultay kimi dəyərləndirsə də, elə oradaca “daxili və xarici düşmənlərə
qarşı döyüşə” çağırırdı”
İnqilab ərəfələrində anarxist Bakuninin “qaçaq-quldur” dünyasını
inqilaba cəlbə etmə istəyi Stalinin hakimiyyəti dövründə yeni mərhələyə keçdi.
Belə ki, “qaçaq-quldur” dünyası artıq inqilab sıralarında deyil, hakimiyyət
sıralarında yerini bərqərar edirdi.
“Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi
Komitənin (ÜİK(b)P MK) Siyasi Bürosunun 12 dekabr 1932-ci il qərarına əsasən
Böyük Təmizləmələr qarşıdan gələn 1933-cü il ərzində həyata keçirilməli idi.
Lakin obyektiv və subyektiv amillərin təsiri nəticəsində proses 1930-cu illərin
sonuna qədər uzandı. Kütləvi repressiyaların pik nöqtəsi 1933-cü ilə deyil,
1936-1937-ci illərə təsadüf etdi”
Sumbatovun, Borşovun, Qriqoryanın və digərlərinin rəhbərliyi ilə
70-80 minə yaxın azərbaycanlı ziyalı məhv edildi. Stalinə mütləq hakimiyyətini
qurmaqda kömək edən əsas proseslərdən biri də respublikanın müxtəlif yerlərində
apardığı “çekistləştirmə” siyasəti idi.
“Elə
1933-cü ildən də respublikanın bir sıra mühüm partiya və hökumət orqanlarında
“çekistləşdirmə” prosesinə start verildi. 1933-1937-ci illərdə AK(b)P MK katibləri
arasında M.C.Bağırovla yanaşı digər peşəkar çekistlər – Az.DSİ sabiq sədri
A.Aqrba (1934-1936), Az.DSİ sabiq sədr müavini R.Qulbis (1932-1937) də yer
almışdılar”
1936-cı
ilin avqustunda Moskvada “16-lar məhkəməsi” keçirildi. İttiham olunan 16 nəfərin
Trotski ilə əlaqədə olduqları deyilirdi. Onların arasında Stalinə müxalif olan
tanınmış iki bolşevik, Qriqori Zinovyev və Lev Kamenev də vardı. Tarixçilər bu
məhkəməni “Böyük terorrun” başlanğıcı hesab edir.

“Bilavasitə Azərbaycanda “Böyük Terror”un anonsu isə L. Beriyanın 1936-cı il avqustun 21-də “Pravda”, həmçinin Zaqafqaziyanın bütün qəzetlərində nəşr etdirdiyi və Cənubi Qafqaz respublikalarındakı “xalq düşmənlərini” hədəfə alan “Sosializmin düşmənlərinin külünü göyə sovuraq”(“Развеять в прах врагов социализма”) başlıqlı yazısı oldu”
Beriyanın
anonsu ilə başlayan ”Böyük Terror”, Azərbaycanda Mir Cəfər Bağırov və onun
“Üçlüklər”i ilə həyata keçirildi.
Bağırovun
təyinatı və “Üçlüklər”.
Mir Cəfər
Bağırov, Stalinin mütləq hakmiyyəti üçün zəruri adam idi. Bağırovun Azərbaycan
rəhbərliyinə təyinatı, hələ “Çeka”nın rəhbəri olduğu zaman etdiyi əməliyyatların
nəticəsidir. Lakin Bağırovun həmin dövrdəki qəddarlığı Moskvanın narazılığına səbəb
olurdu. Belə ki, 1930-cu illərdə kollektivləşmə siyasətinə qarşı çıxan Çayoba kəndindəki
(Gədəbəy ərazisi) üsyançıların, oranı tərk etdiyi bilinsə də həmin ərazi, artileriya
atəşində tutuldu. “Çayoba faciəsi” 30-dan artıq qadın və uşağın həlakıyla nəticələndi.
Bundan sonra Moskva, Bağırovu işindən uzaqlaşdırdı.
Lakin,
indiki şəraitdə isə Stalinə məhz Mir Cəfər Bağırov kimi adamlar lazım idi. Beləliklə
Moskva, 1933-cü ildə Azərbaycan SSR Kommunist Partiyasının
birinci katibi vəzifəsinə Bağırovu gətirdi. Qeyd
etmək lazımdır ki, Bağırovun
təyinatında Lavrentiy Beriyanın xüsusi rolu var.
soldan sağa: M.C.Bağırov, L.Beriya, N.Yejov, A.Xandjyan, R.Eyx
Beriyanın polis orqanları ilə qurduğu gizli şəbəkə zamanla Cənubi Qafqaz və Moskvada gücləndi.1921-ci ildə Bakı və Gürcüstanda illeqal fəaliyyətlərindən sonra “Çeka”ya daxil olan Beriya, Bağırovla da məhz bu zaman tanış olub.
“Bu
ikisinin əlaqələri hələ 20-ci illərin əvvəllərindən başlamışdı. Qafqaz partiya
təşkilatında onları “siam əkizləri” adlandırırdılar. Sovetləşmədən qabaq Azərbaycan
Cumhuriyyəti dövründə (1918-1920) onlar birlikdə xüsusi xidmət orqanlarında
çalışmış, 1921-ci ildə Bağırov Azərbaycanda Çeka rəhbərliyinə təyin olunduqdan
sonra Beriyanı özünün müavini vəzifəsinə gətirmişdi. Daha sonra isə Beriya
Çekanı əvəzləyən Dövlət Siyasi İdarəsinin (DSİ-QPU) bütün Zaqafqaziyadakı rəhbəri
təyin edilmişdi. Partiya və dövlət iyerarxiyasında sürətlə irəliləyən Beriya
1932-1938-ci illərdə Zakkraykomun birinci katibi, 1938-ci ildən isə SSRİ Daxili
İşlər komissarı və SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi
Bürosunun üzvü olmuşdu”.
“Üçlüklər”in
yaranması isə 1937-ci ilə təsadüf edir. Bağırovun təyinatıyla ilk “Üçlük” Y.Sumbatov, C.Axundzadə və
T.Quliyevdən ibarət idi. Onlara verliən səlahiyyətlər arasında ölüm hökmü də
vardı.
“ “Üçlük” təhlükəsizlik orqanlarının göndərdiyi
siyahıları yoxlaya bilər, vəkil və ya prokurorun iştirakı olmadan məhkəmə keçirə
bilər və ölüm hökmü də daxil olmaqla istənilən qərarı qəbul edə bilərdi”.
Bağırovun Azərbaycana təyin edilməsi və onun təyin
etdiyi “üçlük”lər nəticəsində 80 min azərbaycanlı
məhv edildi.
Repressiyalarla
yanaşı, Azərbaycanda kollektivləşmə siyasəti davam etməkdə idi. Bu prosesdən
ibadət yerləri də ziyana uğrayırdı. Belə ki, Azərbaycan qəzalarında məscidlər
bağlanaraq, anbar və kitabxanalara çevrildi. Əhalinin dini görüşləri də
sıxışdırılmağa başladı, Allahsızlıq ideologiyasının təbliğinə start verildi.
Mübariz
Allahsızlar İttifaqı?
Bilindiyi kimi, Sovet Sosialist
Respublikası, K.Marksın ideyaları ilə qurulan ilk dövlətdir. Daha sonra
V.İ.Lenin, Marksın ideyalarını mənimsəyərək onu üç əsas məqamda – fəlsəfi,
siyasi və iqtisadi sahədə inkişaf etdirirək, əsas prinsiplərdən uzaqlaşmayıb
yeni şərtlərə uyğun bir təlim kimi təkminləşdirdi. Bu cərəyan
Marksizim-Leninizm adlandı. Marksist-Leninist nəzəriyyə “din xalqın tiryəkdir”
fikrini müdafiə edir, yəni din insanları ölümdən sonra xoşbəxt bir həyatın
varlığını inandıraraq onları real gerçəklikdən uzaqlaşdırır. Beləliklə din
reallığı kölgədə qoyaraq, insanların gerçək xoşbəxtlik uğrunda mübarizəsinə mane
olur. Nəticə etibarilə Marksist-Leninist nəzəriyyə dinlə birlikdə allahsızlığı
müdafiə edir.
Azərbaycanda isə din əleyhinə
propaqanda daha sərt şəkildə tətbiq olunurdu. Həmin dövrdə məscidlər dağıdılır,
din xadimlərinə xalq düşməni damğası vurulurdu. 1928-1929-cu illərdə
komsomolçular tərəfindən 780 məscid bağlandı. Bu propaqanda 1930-cu illərin əvvələrində
daha da gücləndi, artıq mətbuatda dinə qarşı təhqirəramiz yazılar dərc olunmağa
başladı.
Azərbaycanda Allahsızlar cəmiyyətini
təsis edən isə 1919-cu ildə Azərbaycan dilində gizli şəkildə nəşr edilən
bolşevik "Kommunist" qəzetinin ilk redaktoru olan Ruhulla Axundovdur.
O, XI Qızıl ordunun işğalından sonra AK (b) PMK-də şöbə müdiri, AK (b) P Bakı
Komitəsinin katibi, "Bakinski raboçi" və "Kommunist" qəzetlərinin
redaktoru olub. Eyni zamadna Marksın əsərlərini azərbaycan dilinə tərcümə edib.
Sovet Rusiyası, Ermənistan və
Gürcüstanının müstəqilliyinə son qoyduqdan sonra, Cənubi Qafqaz
respublikalarını bir ittifaqda birləşdirmək istəyirdi. Ruhulla Axundov, 1921-ci
ildə ZSFSR-nin qurulmasını “vaxtı çatmamış addım” hesab etsə də sonradan
mövqeyini dəyişdi. ZSFSR və SSRi-nin təşkilini müdafiə etdi.
1928-ci ildə R.Axundovun tapşırığı
ilə "Kommunist" qəzeti gənc nəslin millət və din əleyhinə tərbiyə
edilməsi üçün aşağıdakıları təklif edirdi:
“Millətçi müəllimlər məktəblərdən
çıxarılmalıdır;
Müəllimlərin proletar sinfindən olmasına əhəmiyyət
verilməlidir;
Komsomol və pioner dərnəkləri məktəblərdə kəndli
fəaliyyətlərini artırmalı və millət əleyhinə proqramlarını çoxaltmalıdırlar;
Rusiyada başlamaq üzrə olduğu kimi Azərbaycanda
da milli və dini bayramların tamamilə ləğv edilərək bunların yerinə inqilab
bayramları qoyulmalıdır;
Məktəblərimizdə milli və dini təsirləri davam
etdirən ən böyük amilin ailələrimiz olduğu inkar edilməz. Bununla da, sadə məktəb
vasitəsilə mübarizə etmək qabil olmayacaqdır. Cocuqlarımızın ata-anaları
arasında millət, din və s. ilə mübarizə işlərini qüvvətləndirmək üçün
"Allahsızlar cəmiyyəti"nin işləri canlandırılmalıdır”
Lenini, Marksı, azərbaycan dilinə
tərcümə edən Axundov, əlbəttə sosialist-kommunist ideyalarına dərindən bələd
idi. İdeologiyanı dəyişib, özününküləşdirən Stalinə isə həqiqi sosializmin nə olduğunu bilən Ruhulla
Axundov sərf etmirdi. Nəticədə, vəzifəyə gətirilən Bağırov, Ruhulla Axundov və
silahdaşlarına qarşı mübarizəyə başladı.
1937-ci il iyunun 8-də
"Pravda" qəzetində, “Rıklinin” imzası ilə "Düşmənin hiylələri"
adlı məqalə dərc edilərək R.Axundova qarşı ağır ittiham irəli sürüldü. Məqalədə,
"Trotskiçi və müsavatçı Ruhulla Axundov mədəniyyət cəbhəsində uzun zaman nəzarətsiz
olaraq istədiyini edib. O, Elmlər Akademiyasının Azərbaycan filialının başçısı
olmuş, incəsənət işləri komitəsinə rəhbərlik etmiş, yazıçılar ittifaqına ağalıq
etmişdir. O, bütün təşkilat və idarələri öz adamları ilə, gizli və açıq düşmənlərlə
zibilləmişdir" – ifadələri ilə yanaşı, gənc şairlər, Səməd Vurğun və Süleyman
Rüstəmin də ünvanına böhtanlar yağdırılırdı.
1919-cu ildən kommunist
partiyasına üzv olan Ruhulla Axundov Sovet dövründə yüksək vəzifələrdə çalışsa
da 1937-ci ildə “Əksinqilabçı millətçi təşkilat”ın üzvü, “trotskiçi”
damğasıyla mühakimə olunur və 1938-ci ildə güllələnir.
Qeyd etmək lazımdır ki, din əleyhinə
propaqanda adı altında Azərbaycan xalqın milli adət və ənənələrinə də qarşı
çıxılırdı. Əvvəllər rəsmi şəkildə qeyd olunana Novruz bayramı artıq əksinqilabi
xarakter damğasıyla qadağan edilmişdi.
Azərbaycan proletar mətbuatının yeni mərhələsi belə bir siyasi şəraitdə
başlamışdı.
Proletar mətbuatı repressiya illərində.
Artıq 30-cu
illərdə azad söz mətbuatdan uzaqlaşdı. Bu dövrdə mətbuatın əsas vəzifəsi, əksinqilabçı trotskiçiləri ifşa etmək idi.
“Sonra partiya yoldaşlarımız, trotskist agentlərlə
mübarizə edərkən hazırkı trotskizmin artıq tutaq ki, 7-8 il bundan əvvəlki
trotskizm olmadığını, trotskizm və trotskistlərin bu zaman ərzində trotskizmin simasını kökündən dəyişdirmiş
olan ciddi evolusiya keçirdiklərini, buna görə də trotskizmlə mübarizənin və
onunla mübarizə metodlarının kökündən dəyilməli olduğunu görməmişlər və gözdən
qaçırmışlar”
“Kommunist” qəzetində dərc edilən materialda bundan əlavə, trotskistlərin
1936-cı ildə keçirlən “16-lar məhkəməsi”sində, siyasi platformalarının
olduğunu inkar etdikləri vurğulanır, onların siyasi simalarını açmaqdan qorxduqları
deyilirdi.
“Xalq düşmənləri”nin aşkarlanması prosesi yavaş-yavaş çoxalmağa başladı. Amma hadisələrin necə inkişaf edəcəyi, kimlərin təqib qarşısında qalacağı bəlli deyildi.
Əli Nazim - 12493 nömrəli istintaq.
Əli Nazimin publisistik fəaliyyəti daha çox proletar ədəbiyyatla əlaqəli
idi. O, Sovet dövrü Azərbaycan ədəbi-tənqidinin banilərindən birdir. “Yeni həyat
və yeni ədəbiyyat” başlıqlı məqaləsində yeni, proletar ədəbiyyatın üzərinə ağır
yük düşdüyünü vurğulayır. Ona görə, əski ədəbiyyatın qayəsi insan hisslərini
qıcıqlandırmaqdan, insanların qəlbində bədii həyəcan oyandırmaqdan ibarət idi.
Yeni ədəbiyyat isə insan psixologiyasını tərbiyə etmək məqsədi güdürdü. Marksist
tənqidçi olan Əli Nazim, təkcə Azərbaycanda deyil, Ümumuittifaq ədəbi hərəkatının
ən peşəkar və fəal üzvi idi.

Əli Nazim, 1920-1930-cu illərdə Azərbaycanda nəşr olunan bir sıra qəzetlərdə,
xüsusən, “Yeni yol”, “Kommunist”, “İştirak” qəzetlərində fəaliyyət göstərib.
Eyni zamanda “Ədəbiyyat ensiklopediyası”nın redaktoru olub. Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin
və əbədi mətbuat orqanı redaksiya heyətinin üzvü olan Əli Nazim digər repressiya qurbanları kimi,
“pantürkist”, “millətçi”, “əksinqilabçı” damğaları ilə ittiham olunaraq on il
müddətində həbs edilib.
12493 nömrəli istintaq işinə əasasən, Əli Nazim “Türk Yurdu”
jurnalında yazdığı məqalələrə görə “pantürkist” damğası ilə ittiham olunurdu.
“Kommunist” qəzeti, “Yazıçıların
sıralarını saflaşdıralım” adlı məqaləsində yazırdı:
“Əli
Nazim Azərbaycanda özünün 10 illik “ədəbi fəaliyyəti” müddətində saysız-hesabsız
səhvlər buraxmışdır. O, Türkiyədə “Türk yurdu” jurnalında pantürkist,
kontrrevolyusion məqalə çap etdirmiş, ədəbi tənqid silahına sarılaraq, istədiyi
hədəfi nişan almışdır. Dəfələrlə tövbə etmiş və səhvlərini düzəltməyə söz
vermişdirsə də, lakin bir nəticə çıxarmamışdır.”
Məqalə çap olunduqdan bir müddət sonra Əli Nazim Yazıçılar İttifaqından xaric edilir və 1937-ci ildə həbs olunur. 1957-ci ildə haqqında çıxarılan hökm ləğv olunsa da Əli Nazim 1941-ci ildə həbsxanada vəfat etmişdi.
“Müqəssir” – Əliabbas Müznib.
“Dər həqiqət xəyalımız hüquqi-müizzimizi geri almaq, zalımın çəngəli-qəddarəsindən
xilas olmaq isə müctəhid və müttəfiqərəy olub ittihad etməliyik” - deyən Müznib,
XX əsrin əvvələri Azərbaycan milli-azadlıq hərəkatı ilə sıx bağlı olması səbəbindən
həm çar, həm də sovet hakimiyyəti illərində təqiblərə məruz qalıb.
.png)
Mətbu fəaliyyətinə “İttifaq” qəzetində başlayan Müznib, “Molla-Nəsrəddin”
jurnalında, daha sonra isə ”Zənbur” jurnalında baş mühərrir olaraq çalışıb.
1910-cu ildə “Hilal” qəzetini nəşr ettirməyə nail olub. Həftədə bir dəfə çıxan
qəzet, daha sonra çar senzurası tərəfindən qapadılıb. Müznib, 1911-ci ildə qəzetin
nəşrinə yenidən nail olsa da bu uzun çəkməyib.
“Hilal” qəzeti bağlandıqdan sonra, “Şihabi-saqib” adlı jurnal çıxarmağa başlayıb. Jurnalda çar
zülmünə qarşı yazılar dərc olunub. Qısa zaman ərzində çar senzurası tərəfindən
jurnalın nəşri dayadırılıb və Əliabbas
Müznib həbs edilib. Məhkəmə qərarı ilə 15 gün həbs cəzası və 25 manat cərimə kəsilsə
də Müznib, Bayıl həbsxanasında 25 gün qalıb. Daha sonra 1912-ci ildə “Hilal”
qəzetindəki yazılarına görə çar məhkəməsinin qərarı ilə Sibirə sügün edilib.
Lakin il yarım sonra əhfi-ümumiyyəyə düşərək
sərbəst buraxılıb.
Sürgündən sonra 1914-cü idə “Dirilik” jurnalını nəşr etdirib.
Jurnalda M.Ə.Rəsulzadənin "Milli
dirilik" adlı silsilə məqalələri dərc olub. Jurnal bir il fəaliyyət
göstərdikdən sonra dayandırlıb.
1915-ci ildə isə “Babayi-əmir” jurnalını təsis edib. Jurnalda,
Ə.Vahid, M.S.Ordubadı, C.Cabbarlı və başqaları fəaliyyət göstərib. Əsərlərini
“Müqəssir” imzası ilə qələmə alan Müznib, sovet hakimiyyəti illərində “Qarabağ Revkomunun Əxbarı” və “Qarabağ Füqərası” adlı qəzetlərini nəşr
etdirib. Daha sonra “Azərbaycan Füqərası” və “Azərbaycan Revkomunun Xəbərləri” adlı qəzetlərin redaktoru təyin olunub. 1921-1922-ci illərdə “Kommunist” qəzetində fəal publisist kimi çalışıb.
Bir müddət təqiblərə məruz qaldıqdan sonra, 1936-cı il, dekabrın 7-də
Əliabbas Müznib haqqında cinayət işi qaldırılıb və 1937-ci ilin 27 avqustunda “burjua
millətçisi” adıyla mühakimə edilərək, səkkiz il həbs cəzasına məhkum edilib.
Əliabbas Müznib, 1938-ci
il, avqustun 28-də Vladivostok şəhəri yaxınlığındakı xüsusi məntəqədə vəfat
edib.
Ağa Rza
İstifadə edilən mənbələr:
1.
S.S.Montefiore – “Gənc Stalin” əsəri.
2.
Bakı Araştırmalar instutu – “Azərbaycanda
böyük terror və Bağırovun rolu” məqaləsi.
3.
Xəlilov A. Azərbaycan SSR-in
partiya və məhkəmə-istintaq orqanlarının rəhbərliyi kütləvi repressiyalara
hazırlıq dövründə (1933-1936-cı illər) http://az.strategiya.az/old/?m=xeber&id=11256
4.
Blauvelt,
Timothy., “March of the chekists: Beria’s secret police patronage network and
Soviet crypto-politics, Communist and Post-Communist Studies
5.
Axundov arxivi. “Kommunist” qəzeti.
1937.03.29 nömrəsi.
6.
Əliabbas Müznib. Seçilmiş əsərləri.
“Şərq-Qərb” nəşriyyatı – 2006.
7.
Ə.Nazim. Seçilmiş əsərləri. “Şərq-Qərb”
nəşriyyatı – 2006.
8.
https://kulis.az/xeber/media/isgencelerden-sonra-ifadesini-deyisdi-suleyman-rustemin-bada-verdiyi-tenqidci-8285
Yorumlar
Yorum Gönder