Kimsən, nəçisən? Söylə nədir fikrü-məramın?
Bu vaxta qədər
Hüseyn Cavid və onun “İblis” pyesi haqqında bir çox fikirlər dolanır. Mifik
obraz kimi əsərin xüsusi diqqət mərkəzində yer alan İblisin, insan nəfsini təmsil
etməsi oxucular tərəfindən məlumdur. Bu düşüncələr Mikayıl Rzaquluzadə, Həmid
Araslı və s. kimi ədəbiyyatşünaslar tərəfindən qeyd edilib. Lakin bizim məqsədimiz,
bir növ, əsərin “pərdə arxası”ndakı fikirləri oxuculara çatdırmaqdır.
Düyünün
vurulması - Allaha münacat.
Əsər İblisin
monoloquyla başlayır, daha sonra digər mifik obraz olan Mələk, dəhşətli müharibə
səhnələrini görüb İblisi günahladırır. Bu zaman Arif, uzandığı yerdən qalxır və
deyir:
Uydum da peyəmbərlərə, qanunə, kitabə,
Duydum yenə qəsvət.
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,
Həp zəfə əlamət...
Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,
Yoq rəhbəri-vicdan.
Sənsiz doğamaz qəlbimə, vicdanıma heyhat,
Bir şöleyi-irfan.
Misralardan
görünür ki, Arif, peyğəmbərlərə aid olan kitab və qanunların daxilində qəzəb
olduğunu, həmin kitab və qanunların onları tövbəyə səsləyərək insan mənəviyyatını
alçaltdığını, bunun zəifliyə işarə olduğunu düşnür.
Bu məşhur
tiratın növəti misraları daha cəlb edicidir, Arif Allahdan onu yanına almasını
istəyir, buna da səbəb insandakı zülmə olan yönəlimdir :
Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi
Cənnətdə mələklər?
Qaldır bəni, ta görməyim insandakı zülmi,
Baq, yer yüzü inlər.
Yarəb, bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nihayət?
İnsanları xəlq etmədə var bəlkə də hikmət,
İblisə nə hacət?!
Əsərin
üslubi estetikasını bir kənara qoyub, məna estetikliyini ələ aldıqda Cavid bu
baxımdan öz sözünü deyir. Dramaturq bizi Arifin münacatda söylədiyi son iki
misraya daha geniş prizmadan baxmağa vadar edir.
“Qurani-Kərim”
– təsadüf yoxsa əsl niyyət?
Arifin
uzun tiratındakı sonuncu misraları anlamaq üçün “Qurani-Kərim”ə müraciət etməyimiz
zəruridir. Bununla, Hüseyn Cavidin bəlkə də əsl niyyətini aşkara çıxardar, Əli
Nazimin “İblis” əsəri ilə bağlı söylədiyi “Faust” əsərinin imitasiyası fikrini
qırar, əsərin “Faust”un təsiri altında yazılma ehtimalını da yanılda bilərik.
“(Ya Rəsulum)
Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam” – dedikdə (mələklər)
: “Biz sənə şükr etdiyimiz, şəninə təriflər ediyimiz və Səni müqəddəs
tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi
yaratmaq istəyirsən...” – Bax: “Qurani-Kərim” Bəqərə surəsi. 30-cu ayə.
Gəlin Ayəni anlamq üçün onun izahını bir də İslam
alimlərinin “Qurani-Kərim”lə bağlı təfsirlərinə də nəzər salaq:
“Burada mələklər Allah-təalanın “mən yer üzündə bir
xəlifə yaradacağam” sözündən yer üzündə fəsadların baş vercəyini və qan töküləcəyini
anlayırlar. Çünki yer mənşəli maddi varlıq olan insan qəzəb və şəhvət güclərindən
təşəkkül tapmışdır ki, onun yaşadığı yer çəkişmələr meydanıdır. Hər cəhətdən məhduddur.
Hər an çəkişmələrə yol aça bilər... Toplum
formalaşmadan, bir-birnə yardımlaşma olmadan həyat davam edə bilməz. Bu şərait
fəsad törədilməsi və qan töklüməsindən xali deyil. Bütün bunlardan bəlli olur
ki, fəsad da törədilə bilər, qan da tökülə bilər...” – Bax: Əllamə
Təbatəbai “Əl-Mizan Təfsiri 1-ci cild” səh.190
“Mələklərin
sözlərindən məlum olur ki, onlar insanın itaətsizlik edib fəsad törədəcəyini,
qan axıdacağını, təxribatçılıq edəcəyini əvvəlcədən bilirdilər” –
Bax: Ayətullah Seyyid Kamal Fəqih İmani “Nurul-Quran fi təfsiril-Quran” səh.141
Lakin məsələ bununla da bitmir, əsərdə
işlənən digər mözu da Allahın niyə sakitcə durub insanların çətinliklərinə
baxmasıdır.5 Pyesin baş qəhrəmanı Arif, bu sualdan özünü
xilas edə bilmir. Fəlsəfədə isə bu epikür paradoksu adlandır.
Epikür paradoksu.
“Tanrı xüsusilə bizi niyə ağır sınaqlara salır? Haqqımızın taptalanmasına niyə göz yumur, üstəlik cinayətkarlara soyğunda kömək edir?” - S.Zweig “Basdırılmış şamdan”
“Tanrı ya pisliyin qarşısını almaq istəyir lakin bunun öhtəsindən gələ bilmir; ya qarşısını ala bilir amma bunu etmək istəmir; ya nə qarşısını almaq istəyir nə də bunu edə bilir yaxud da həm pisliyin qarşısını almaq istəyir həm də bunu edə bilir. Əgər qarşısını alamaq istəyir lakin bunu edə bilmirsə onda Tanrı gücsüzdür - belə ki, gücsüzlük Tanrının xislətinə aid deyil. Əgər qarşısını ala bilir lakin bunu etmirsə deməli paxıldır. Eyniylə bu da Tanrının xislətinə uyğun deyil. Əgər Tanrı nə bunun qarşısını ala bilir nə də qarşısını ala bildiyi təqdirdə bunu etmirsə deməli, o həm gücsüz həm də paxıldır. Bu vəziyyətdə də o Tanrı deyildir. Əgər həm qarşısını almaq istəyir həm də bunu edə bilirsə - belə ki, Tanrıya uyğun olan sadəcə budur – bəs pisliklərin mənbəyi nədir? Ya da bu pisliklərin qarşısı niyə alınmır?” – Bax: Orhan Hançerlioğlu, “Felsefe ansiklopedisi: Kavramlar ve Akımlar.
Pis və pislik anlayışının üç növündən
– metafiziki, mənəvi və fiziki pislikdən danışıla bilər. Metafiziki pisliyin məğzi
varlıq etibariylə əşyanın yetkin olmaması və ya natamam olmasıdır. Leibnizə görə
fiziki və mənəvi pisliklər metafiziki əksikliyin nəticəsidir. – Bax: Cafer Sadık Yaran
“Kötülük ve Theodise”
Əsərə Leibnizin düşüncəsi ilə
addımlasaq Dünya metafizik olaraq natamamdır, bu natamamlığın nəticəsi olaraq
fiziki pislik yaranır. Yəni təbiət hadisələri, fırtınalar və s. Bu bizə əsərin giriş
cümləsini xatırladır:
Dəryalarə hökm etmədə tufan,
Səhraları sarsıtmada vulkan...
Daha
sonra da metafizik natamamlğın nəticələrindən biri olaraq mənəvi pislik
yaranır. Mənəvi
pisliyin mahiyyəti ədalətsizlik, zülüm, cinayət kimi məsələlərdir. Bu məsələlər
də Tanrıyla deyil, insan iradəsiylə bağlıdır. Arifi də narahat edən məhz,
Epikür paradoksu daxilində mənəvi pislik məsələsi idi. Bu səfər də mənəvi
pislik anlayışına daxil olan zülm və cinayətlərdən yola çıxaraq Hüseyn Cavid
bizə yeni bir mövzunu, yeni bir qapının açarını veir. Əxlaq!
Amma bu mövzu haqqındakı fikirləri
sonraya saxlayaq. Əxlaq digər yazılarımızın başlığı olacaq.
Sadəcə Arifin birinci pərdədəki
tiratından yola çıxsaq bəlkə də Şopenhauer burada haqlıdır. Belə bir dünyaya yəni
sadəcə həqiqətlərin yansıması olan dünyaya, görünüş dünyasına, əxlaq anlayışı
kimi uca bir anlayışı gətirərək mövqeyini alçaltmamlıyıq . –
Bax: A.Schopenhauer, “Parerga und Paralipomena” cild II.
Yorumlar
Yorum Gönder