Hər yer qarla örtülüdür. Günəş öz növbəsini aya təhvil verməkdə tərəddüd edir. Amma bu dəfə nəsə söhbətləri uzun çəkdi; Tərslikdən nə günəş batır, nə də ay öz yerini alır. İşıqdan və qaranlıqdan parça-parça qalıntılar hiss edirəm ətrafda. Köhnə dostum - Cənab Bədheybət isə üzə çıxmağa utanır.Və yaxud mən belə anlayıram. Bu sadəcə gümandır. Gəlməməsinin səbəbini buna bağlayıram. Çünki nə tam qaranlıq çöküb, nə də işıq qeybə çəkilib. Hava çox soyuqdur. Dişlərimin bir-birinə sürtünüb çıxardığı sinirə işləyən xırçıltılı səsi küləyin uğultusu ilə həmahəng olub. Dostum niyə gəlmir axı? Gözlərim uzaqlara köklənib onun uzun, napnazik, qara vücudunu və vahid, həmçinin normallığa yatğın üz parametrlərindən yoxsun üzünü, cəld yerişə sahib siluetini güdür. Amma mən hələ də sonsuzluğa sərilən qaranlıq boşluğa baxıram.
Mənə demişdi ki, gəlişini çıxardığı nizamsız nəğməsindən tanıya və hiss edə biləcəyəm. Bir də məndən, geciksə, hər nə də olsa, burada qalıb onu gözləməyimə dair israrlı söz aldı. Mən də qəbul etdim. Çünki bütün ümidim onadır. Axı Cənab Bədheybət mənim bircə dostumdur. Gəlsin, onu gözləyirəm….
Artıq gözləməyimin ardından dəqiqələr, saatlar ötüb. Günəş və Ay - bu qəsvətli dünyanın iki zidd mühafizəçiləri hələ də bir anlaşmaya gəlməyiblər. Söhbətləri, həqiqətən də çox uzun çəkdi. Çünki dostum Cənab Bədheybət hələ də yanıma yetməyib.Şaxta da bir yandan iradəmə güc gəlirdi. Taqətsizlikdən burun və ağzımdan axan yapışqan seliyi silib atmağa da macalım yoxdur daha. Dodaqlarım və çənəmi əhatələyən buz təbəqəsinə çevrilmələri belə narahat etmir məni. Artıq ayaq barmaqlarımı hiss etmirəm. Ciyərlərimə iynə sancıldığını duyuram….
Skywalker
Yorumlar
Yorum Gönder