11.11.23 (Kabus Sızıntısı)


O aralar həyatımın ən bərbad dönəmlərindən biri idi. Nə doğru-dürüst qida ehtiyacımı qarşılaya, nə də ki normal yuxumu ala bilirdim. Həyatım xaos dırmanışı sərgiləməkdə idi. Həyat deməyimə baxmayın, nəzərdə tutduğum mövcudluq, olsa-olsa gerçəkliklə təhtəlşüurun sərhəd cizgisini tükürpədici bağırışlarıyla çilik-çilik edən psixopatın səfil yaşamı ola bilərdi uzağı… 

Bərbad keçən günümü can dərdi yola verib, özümü gecəyə çatdırdım. Taqətsizlikdən bənövşəyimtil rəng almış çəlimsiz əllərimə George Orwell’in “1984”nü alıb oxumağa başladım. Kitab bir müddətliyinə də olsa beyin hüceyrələrimi gəmirən parazital reallıqdan uzaqlaşmağıma köməkçi oldu. Haradasa yarım saatlığına, düşüncələrimi vərəqlərin arasında qeybə sərdim. 

 Nə isə bundan da yoruldum. Qısa müddətliyinə tərk etdiyim qubarlı düşüncələrimi olması gərəkdiyi yerə qaytardım.  Yenə qorxunc gerçəklikdən bir müddətliyinə  qaçış üçün başqa variant aramağa başladım. Nəhayətində, köməyimə filmə baxmaq “morfin”i yetişdi. “The Machinist” adında dərin fəlsəfəsi olan maraqlı bir film seçdim. Başladım həvəslə baxmağa…

 Təxmini olaraq 1 saat yarımdan çox filmə zaman ayırdım. Amma vaxtın necə gəlib keçdiyinə məəttəl qalmışdım. Film çox maraqlı idi. Mənə elə gəlir, bunun əsas səbəbi baş rol Trevor Reznik ilə dərin bağlarla empatiya qurmağım oldu. Nə hikmətsə, bu filmdən sonra gözlərim sulanmağa başladı, ardından yersiz sulanmaları qısamüddətli gözətrafı sancılar əvəz etdi. Axır ki, yuxum gəlirdi. İradəmdən kənar, qəfildən özümü yuxuya təslim elədim. 

Yuxu?! Hansı yuxu? Adını kabus qoysaq daha oturaqlı olar. Olsun, kabus… 


 Zehni,mənəvi, fiziki - hər cür yorğunluğun əlbir tərpənib bütün bədənimə yüzə-yüz iqtidar sahibi olması və kabuslarımın bundan istifadə edib şirin yuxu cildində düz burnumun dibinə qədər gəlib məni öz qaranlıq qoynuna alması… Xülasə, o ankı vəziyyətim tam olaraq bundan ibarət idi. Artıq kabusumun qara, qapqara, qarşısıalınmaz və acı təbəssümünə boyun əyməkdə idim:

 

Cəmi üç nəfər idilər. Upuzun, sanki Howard Philips Lovecraft’ın əsərlərindəki kosmik-dəhşət varlıqlarının qanları içində duş almış, heç cür mimikaya, üz cizgilərinə malik olmayan qəsvət qoxulu qeyri adi varlıqlar…  Kiminsə cəsədini daşımaqdadırlar. Ölü bədənin kimliyini qətiyyən sezə bilmirəm. Bircə, iki bədheybətin arxadan gələrək necəsə həmin meyiti çiyinlərində daşımalarını və digər varlığın da (deyəsən, qrupun lideri o idi) öndən gedib, onlara bələdçilik etdiyini görürəm. 

 Kabusumdakı məkan, elə sızıb qaldığım yer- zaldakı təzə, bir o qədər də rahatsız divanın üstüdür. Yuxumda qorxu içində divandan doğrulduğum andaca 3-nün də birdən mənə tərəf başlarını çevirdiklərini görürəm. Və anidən yuxudan oyanıram. Təngnəfəs halda, əllərim tərli-tərli tez saata baxmaq üçün telefonu yandırıram. Saat gecə 2:00-dır. Kabusun təsiriylə nəfəs-nəfəsə qaldığım üçün uzandığım mövqedən doğrulub otururam. LƏNƏT OLSUN!!! 

Zalımızın çölə açılan qapısının şüşəsində sağdan sola yüyürən 3 nəhəng kölgə görürəm. Anidən oturuğum yerdən dik atılıram. Ayaq üstəyəm. Hələ də onların  qorxunc kölgəsini görürəm. Tez gözlərimi yumub yenidən divanda otururam. İki ovucumu gözlərimə toxundurub onlara basğı edərək yumuram. Bu anda da onlara bildiyim bütün nalayiq sözləri yağdırıram. Çox keçmir ki, gözlərimi açıram. Özümdə cəsarət toplayıb zalın qapısına baxıram. Şüşədən heç bir şey görünmür. Artıq gediblər. Bir dəqiqə, məgər onların getməsi üçün ilk olaraq mövcud olmaları lazım deyil ki? Görəsən, onlar gerçək idimi? Yoxsa kabuslarımdan cari reallığıma qısamüddətli sızıntı var? 

O gün bu gündür, bu tərz olayları tez-tez yaşayıram. Hətta kabus görməsəm belə, orada görməyim gərəkdiyi bədheybətləri gerçəkdə də görürəm.  Kabuslar zehnimin həbsxanasından azad olublar.

Son olaraq, “A Beautiful Mind” (2001) filmindən reallıqla gerçəyi ayırd edə bilməyən baş rol John Nash’in bir cümləsini yazmaq istəyirəm:

Gördüyüm şeylər həqiqətən oradadırmı, yoxsa beynim məni aldadır?”


Skywalker

Yorumlar